Almaniyanın Kreditanstalt fur Wiederaufbau bankı (KfW) Bakıda Azərbaycanın kommersiya banklarının vəzifəli şəxsləri və Milli Bankın nümayəndələri üçün seminar təşkil edib.Bu barədə Milli Bankın məlumatında deyilir.
Seminar "Məsul maliyyə" ("Responsible Finance") mövzusuna həsr olunub.
Bundan əlavə, AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov KfW-nin vitse-prezidenti Doris Kehnin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Görüşdə Almaniya bankının Azərbaycanla əməkdaşlıq perspektivləri, regional biznes inkişaf fondunun yaradılmasında Azərbaycanın maraqları müzakirə olunub", - deyə məlumatda bildirilir.
Almaniyanın KfW bankı 1995-ci ildən Azərbaycanda 184 mln.avro məbləğində investisiya qoyuluşları həyata keçirib. Bundan təxminən 55 mln. avro maliyyə sektoruna yönəldilib. Bankın maliyyə dəstəyi ilə ölkədə Almaniya-Azərbaycan Fondu yaradılıb. Fond müvəkkil banklar vasitəsilə kiçik və orta layihələri kreditləşdirir.