Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda ilk dəfə respublikanın təbii radioaktivliyinin 1:1 000 000 miqyasında xəritə-modeli tərtib olunub. Bu barədə institututn mətbuat xidmətindən məlumat verilib.
Xəritə-modelin tərtibi zamanı radioaktivliyin 3 kateqoriyası - 6 mkR/s, 6-7mkR/s və 7mkR/saatdan artıq - ayrılıb.
Geologiya İnstitutu Qafqazın 1:1 000 000 geoloji tərkibli xəritələri atlasının tərtibi üzrə beynəlxalq layihədə iştirak edir. Azərbaycanın təbii radioaktivliyinin xəritə-modeli də bu layihədə təqdim olunub.
Geologiya İnstitutunun “Geoloji mühitin qamma-spektrometriyası” şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor Çingiz Əliyevin sözlərinə görə, bu xəritə son 25 il ərzində Azərbaycan ərazisində təbii radioaktivliyin paylaşdırılması üzrə aparılan elmi tədqiqatların nəticəsidir.
«VSEQEİ» (Rusiya) Federal Dövlət Unitar Müəssisəsinin Uran yataqlarının geologiyası və radioekologiya şöbəsinin baş elmi əməkdaşı, geologiya-minerologiya elmləri doktoru Genrix Şor hesab edir ki, bu xəritə Azərbaycanın təbii radioaktivliyi üzrə materilların ən iri etibarlı ümumi yekunudur. O, radioekologiya sahəsində gələcəkdə həyata keçiriləcək işlərin əsası ola bilər.
Xəritə-modeldən göründüyü ki, Azərbaycanda radioaktiv fon normaldır və insan sağlamlığı üçün təhlükə törətmir. Lakin Abşeron yarımadasında ətraf mühitin təbii mənşəli radionuklinlərlə texnogen çirklənmə sahələri var ki, onların monitorinqinin təşkili zəruridir.