Bakının 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsi çərçivəsində aprelin 1-dən 30-na qədər xor kollektivlərinin, eləcə də pianoçuların respublika müsabiqələrinin keçirilməsi planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin aprelin 14-dən 20-dək İordaniya və Mərakeşin turizm şirkətlərinin nümayəndələrindən ibarət heyətin infoturları nəzərdə tutulur.
Nazirlik Heydər Əliyev adına idman-sərgi kompleksində turizm sərgisi, eləcə də kitab sərgisi və islam mədəniyyətinə aid kitab və əlyazmaların sərgisini keçirməyi planlaşdırır.
Məlumatda deyilir ki, aprel ayında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II konfransının keçirilməsi gözlənilir.
Bakının İslam ölkələrinin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində Dərbənd Dövlət Dram Teatrı Bakıda və Sumqayıtda qastrolda olacaq.
Bundan əlavə apreldə bəstəkar Asəf Zeynallı və xalq artisti Ramiz Mirişlinin yubileyləri ilə əlaqədar tədbirlərin keçirilməsi planlaşdırılıb.
May ayında “Sahilkənarı şəhərlərin müasir memarlığı” mövzusunda konfransın, eləcə də uşaq rəqs kollektivlərinin respublika baxış-festivalı və II respublika kitab festivalının keçirilməsi nəzərdə tutulur.
Məlumatda bildirilir ki, may ayında həmçinin İSESCO təşkilatının Azərbaycanda mədəniyyət həftəsinin keçirilməsi gözlənilir. Həftə çərçivəsində konsert təşkil olunacaq.
May ayının 20-21-də Muzey Mərkəzində “Milli kostyum və kuklalar” beynəlxalq sərgisi keçiriləcək.
Bundan başqa Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin yubileylərinə həsr olunmuş tədbirlər təşkil olunacaq.