Azərbaycan Milli Bankı (AMB) Avropa Şurasının “çirkli pulların yuyulması”na və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi (MONEYVAL) üzrə ekspertləri tərəfindən geniş tədqiqin aparılması yolu ilə Azərbaycanın maliyyə qurumları və şəxsləri ilə sövdələşmələrdə xüsusi diqqətin yetirilməsi barədə tövsiyyənin aradan qaldırılacağına ümid edir.
“Biz intensiv danışıqlar aparırıq və emid edirik ki, tezliklə bu tövsiyyələr geri götürüləcək”,-deyə AMB İdarə Heyətini sədri Elman Rüstəmov cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, AMB prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Milli Bank yanında Maliyyə Nəzarəti Xidmətinin yaradılmasını həyata keçirir.
“Narahatlığa əsas yoxdur. Azərbaycanın bank qanunvericiliyində əvvəllər də cinayətkar yolla əldə olunan “pulların yuyulması”na və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı normalar nəzərdə tutulub. Sadəcə olaraq, bütün bu normalar hazırda ayrıca qanunda nəzərdə tutulub. İqtisadiyyata təsir olmayacaq. Xidmətin yaradılması sağlam maliyyə vasitəçiliyi elementinin tətbiqidir”,-deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, 2009-cu il fevralın 25-dən Azərbaycanda “Qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqnda” qanun qüvvəyə minib.
2008-ci ilin dekabrında MONEYVAL Azərbaycanı “çirkli pulların yuyulması”na qarşı mübarizə sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına çağırıb. Terrorizmin maliyyələşdirilməsi və “pulların yuyulması” risklərinin qeydiyyatı üçün MONEYVAL üzv ölkələri və digər dövlətləri geniş tədiqiqin aparılması yolu ilə Azərbaycanın maliyyə qurumları və şəxsləri ilə sövdələşmələrə xüsusi diqqət yetirilməsini öz maliyyə qurumlarına tövsiyyə etməyə çağırıb.