Ukrayna prezidenti Viktor Yuşenko aprelin 9-10-da Azərbaycanda səfərdə olacaq. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk jurnalistlərə məlumat verib. “Səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentləri Şurasının ilk iclası keçiriləcək. İclasda bir sıra hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır”,-deyə B.Klimçuk bildirib. O qeyd edib ki, həmçinin regionlararası əməkdaşlıq üzrə bəzi sazişlərin imzalanması planlaşdırılır. “Ukraynanın Çerkass şəhəri Azərbaycanın Sumqayıt şəhəri ilə uzun və səmərəli münasibətlərə malikdir. Biz ikitərəfli əməkdaşlığa daha 4-5 regionu cəlb etmək istəyirik. Regionlararası münasibətlər bizim ölkələr arasında münasibətlərdə yeni alətdir və biz ümid edirik ki, onlar təcrübə mübadiləsi yolu ilə genişlənəcək və əlaqələrin inkişafına xidmət edəcək”,-deyə B.Klimçuk vurğulayıb. O qeyd edib ki, 2008-ci ilin yekunları üzrə ölkələr arasında əmtəə dövriyyəsi 48% artaraq $1,018 mlrd.-a çatıb. “Mal üzrə dövriyyə bir qədər $1 mlrd.-a çatmasa da, xidmətlər üzrə dövriyyədə ($32 mln.) rekord nəticə qeydə alınıb. Əlbəttə, 2009-cu ildə bu nəticəni təkrar etmək bizə nəsib olmayacaq. Əmtəə dövriyyəsi $1 mlrd.-dan az olacaq. Bu, ilk növbədə Ukraynada tələbatın və ödəniş qabiliyyətinin azalması ilə əlaqədardır. Bununla yanaşı, sahibkarlar arasında birbaşa əlaqələrin inkişafı sayəsində dünya böhranının Azərbaycanla qarşılıqlı ticarətə mənfi təsirini azaltmağa çalışacağıq”,-deyə B.Klimçuk vurğulayıb.