Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları Türkiyəyə səfəri zamanı ABŞ prezidenti Barak Obamaya sui-qəsd törətməyi planlaşdıran suriyalını həbs ediblər.Bu barədə çərşənbə axşamı Səudiyyə Ərəbistanında dərc olunan “Əl-Vətən” qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, bu şəxs özünü “Əl-Cəzirə” telekanalının əməkdaşı kimi təqdim edib. O, B.Obamanın iştirak edəcəyi tədbirlərdən birində akkreditə oluna bilib. Həmin şəxs burada B.Obamaya bıçaqla zərbə endirməyi planlaşdırırmış. Artıq ona üç cinayət yoldaşının kömək etdiyi məlum olub.
“Əl-Cəzirə”nin Ankaradakı müxbir məntəqəsinin rəhbəri Yusif əş-Şərif Səudiyyə Ərəbistanı qəzetinə bu şəxs barədə ona heç nə məlum olmadığını bildirib: "Biz öyrəndik ki, bu adam özünü bizim büronun əməkdaşı kimi təqdim edib. Lakin əgər belədirsə, şübhəsiz ki, o, bizim sənədləri saxtalaşdırıb".