Rusiya Azərbaycanı innovasiya mərkəzi və “Qərb-Şərq”,“Cənub-Şimal” informasiya dəhlizlərinin kəsişdiyi yer qismində görmək istəyir. Bunu Rusiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü zamanı bildirib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) verilən məluamat görə, görüş zamanı diplomat qeyd edib ki, RİTN-in rəhbəri Əli Abbasov onun Azərbaycanda diplomatik fəaliyyətə başlamasından sonra görüşdüyü ilk dövlət rəsmisidir. “Bu da iki ölkə arsında İKT sahəsində münasibətlərin əhəmiyyətinin əyani sübutudur”.
«Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin artdığını qeyd edən V.Doroxin bildirib ki, İKT sektorundakı mövcud iqtisadi münasibətlərə mühüm əhəmiyyət verilir, Azərbaycanda bu sahənin inkişafı və reallaşdırılan regional layihələr Rusiya tərəfindən diqqətlə öyrənilir. Eyni zamanda diplomat Rusiyanın Azərbaycanı innovasiya mərkəzi və həyata keçirilməsi nəzərdə tutulan Qərb-Şərq, Şimal-Cənub informasiya dəhlizlərinin kəzişdiyi yer qismində görmək istədiyini xüsusilə qeyd edib», - deyə idarənin məlumatında bildirilir.
Ə.Abbasov səfiri Azərbaycanda prioritet sahə elan olunan İKT-nin inklişafına göstərilən dövlət dəstəyi, bu sektorun dinamik inkişafı haqda məlumatlandırıb və bu sahədə gələcək inkişafın və münasibətlərin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində tərəflər iki ölkə arasında İKT sahəsində hökumətlərarası sazişin imzalanmasının zəruriliyini də qeyd ediblər.