Bakı Fond Birjası (BFB) aprelin13-dən dövlət qısamüddətli istiqrazları (DQİ) və REPO əməliyyatlarla bağlı komisyon haqların yeni miqdarını tətbiq edəcək. Bu haqda BFB-nin məlumatında qeyd olunur.
"Birjanın idarəediciləri aprelin 7-də keçirilmiş iclasda birja komisyon haqları siyasətinə müəyyən dəyişikliklər etmək haqda qərar qəbul ediblər. O cümlədən, aprelin13-dən Maliyyə Nazirliyinin buraxdığı dövlət DQİ üzrə komisyon haqları 6 ayadək müddətdə 0,3% -dən 0,25%-dək, 1-3 illik müddətdə DQİ üzrə 0,6% -dən 0,5%-dək azaldılıb", - deyə məlumatda göstərilir.
Komisyon haqların azaldılması bazarın inkişafının təşviqinə və ümumi sərmayə mühitinin yaxşılaşdırılmasına, həmçinin daha uzunmüddətli istiqrazlara yönəldiləcək.
"Yeni komisyon haqların miqdarı qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə məsləhətləşmələrdən sonra və bazarın təhlili əsasında müəyyən edilib,” – deyə məlumatda bildirilir.
Bundan başqa, BFB İdarə Heyəti REPO əməliyyatlar zamanı komisyon haqların yığılması haqda qərar qəbul edib. "Belə əməliyyatların aparılmasında üç il müddətində heç bir komisyon haqq yığılmayıb. Vaxtilə bu qərar bu sahənin inkişafına istiqamətlənmişdi. Birja rəhbərliyinin fikrincə, hazırda banklararası REPO əməliyyatları yetərincə inkişaf edib və komisyon haqlar yığılması üçün əlverişli şərait var”, - deyə məlumatda bəyan edilir.
Beləliklə, ilk üç gündə banklararası REPO əməliyyatlar üçün komisyon haqların miqdarı 0,001%, sonrakı dövr üçünsə – 0,003% təşkil edəcək.