Azərbaycan Mətbuat Şurası «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin məhkəmə qərarı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə Mətbuat Şurasının çərşənbə günü yayılmış məlumatında deyilir.
Dövlət başçısına müraciətdə təşkilat ondan jurnalistə qarşı məhkəmə hökmünə dəyişiklik etməsi üçün kömək istəyib.
“Bütün vətəndaşlar kimi, jurnalistlər də qanun qarşısında cavabdeh olmağa borcludurlar, lakin hesab edirik ki, məhkəmə daha yüngül cəza verə bilərdi,” –deyə müraciətdə bildirilir.
Müraciətdə o da qeyd olunur ki, dünya təcrübəsində jurnalistlərə qarşı onların peşə fəaliyyətilə bağlı şikayətlərə baxılması geniş tətbiq olunur, lakin bu, xüsusi ittiham aktı kimi deyil, icbari qaydada baş verir.
“Əksər hallarda jurnalistlərin həbsi faktlarından ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələr sui-istifadə edirlər,” – deyə müraciətdə bəyan edilir.
“Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə ölkənin Cinayət Məcəlləsinin 147,148 (böhtan və təhqir) maddələrilə təqsirli bilinərək bir il azadlıqdan məhrum edilib.