Rumıniya bu il NATO-nu Azərbaycanda təmsil edən ölkə kimi enerji layihələrinin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayırmaq niyyətindədir. Bu barədə Rumıniya XİN başçısı Kristian Diakonesku bəyan edib.
«Rumıniyanın fikrincə, Azərbaycanla əməkdaşlıqda alternativ layihələr kimi regional enerji layihələrinin təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət ayrılmalıdır və NATO bizim bu yanaşmamızı qəbul edir»,- deyə K.Diakoneskunun cümə axşamı Bakıda keçirilən NATO konfransının iştirakçılarına müraciətində deyilir. Tədbirdə iştirak edə bilməyən nazirin müraciətinin mətnini Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke oxuyub.
Rumıniyalı nazir qeyd edib ki, iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması, eləcə də infrastrukturun inkişafına yardım, Azərbaycanda demokratik quruculuq sahəsində islahatlara dəstək NATO-nu təmsil edən ölkə kimi Rumıniya üçün prioritetdir. K.Diakonesku qeyd edib ki, Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına və inkişafına yardım Avro-Atlantik məkanın bütün ölkələrinin maraqlarına uyğundur. Bununla əlaqədar nazir regional münaqişələrin beynəlxalq hüquq əsasında tezliklə nizamlanmasının vacibliyini vurğulayıb.
«Qafqazda təhlükəsizliyin təmin olunması bütün Avroatlantik məkan üçün böyük əhəmiyyət kəsb edir»,- deyə nazir bildirib.
Bundan əlavə o, NATO-nun sonuncu sammitinin yekun bəyanatını xatırladıb. Bu sənəddə üzv ölkələr Azərbaycanda, eləcə də Moldovada və başqa regionlarda münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər.