Sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 24-25-də Sofiyada keçiriləcək “Avropa ölkələrinə təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq” mövzusunda sammitdə iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Sammitdə dünyanın 9 ölkəsindən prezidentlərin və yüksək vəzifəli nümayəndələrin iştirakı planlaşdırılır. Sammitin gündəliyinə Avropada enerji təhlükəsizliyinin təminatı məsələlərinin müzakirəsi daxildir”,-deyə nazirlikdən qeyd olunub.
Həmçinin sammit çərçivəsində “Nabucco” layihəsi iştirakçısı və tranzit ölkələr arasında “Dəhliz qarşılıqlı anlaşması haqqında” sazişin imzalanması planlaşdırılır.
“Nabucco” layihəsi Xəzər regionunu Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan vasitəsilə Avstriya və daha sonra Qərbi Avropa ölkələri ilə birləşdirən yeni qaz kəmərinin inşasını nəzərdə tutur.
Kəmərin uzunluğu Türkiyədən Avstriyanın Baumqarten şəhərinə kimi 300 km., ötürmə qabiliyyəti sutkada 31 mlrd. kubmetrdir.
Yeni boru kəməri sistemi üçün xərclərin maliyyələşdirilməsi daxil olmaqla, layihəyə nəzərdə tutulan investisiya xərcləri təxminən 7,9 mlrd. avro ($12,4 mlrd.) təşkil edir. Tikinti işləri 2009-cu ildə, ixrac isə 2012-ci ildə başlamalıdır.
Layihənin iştirakçıları Türkiyənin BOTAS AS, Bolqarıstanın “Bulgargaz” Holding Ead, Macarıstanın MOL Plc, Avstriyanın OMV Gas & Power GmbH, Almaniyanın RWE AG və Rumıniyanın “Transgaz” S.A. şirkətləridir. Onların hər biri layihədə 16,67% iştirak payına malikdir.