Maliyyə Nazirliyi 45 nəfəri sığorta agenti kimi fəaliyyətə görə lisenziya almaqda maraqlı olan şəxslər üçün növbəti imtahanlara buraxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
"Maliyyə Nazirliyi sığorta agenti kimi fəaliyyətdə maraqlı olan şəxslərin attestasiyası üçün mayın 7-8-də test imtahanları keçirəcək. Bu imtahanlara 45 nəfər buraxılıb. Onların 18-i mayın 7-də, 27-si isə mayın 8-də keçiriləcək imtahanlarda iştirak edəcək", - deyə nazirliyin nümayəndəsi bildirib.
Bundan başqa nazirlik 8 sığorta şirkətinin 25 nümayəndəsini sığorta bazarının peşəkar iştirakçılarının rəhbər əməkdaşlarının attestasiyası üçün imtahana buraxıb. Bu imtahanda Alfa Insuranse, Mbask, AtaSigorta, Baki Sigorta, Qala Sigorta, Pasha Sigorta, Qarant Sigorta və Xalq sığorta şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Test imtahanları “Sığorta təşkilatlarında rəhbər vəzifələrə namizədlər və sığorta sahəsində vasitəçilik fəaliyyəti üçün lisenziya almaqda maraqlı olan fiziki şəxslər üçün attestasiyanın keçirilməsi qaydaları”na uyğun olaraq keçiriləcək. Bununla yanaşı, təklif edilmiş 100 sualdan ən azı 70-nə düzgün cavab verənlər attestasiyadan keçirlər.
“Sığorta fəaliyyəti” haqqında qanunun 83.2.2-ci maddəsinə əsasən sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. Bununla yanaşı, 2009-cu il martın 15-dən agent fəaliyyətini yalnız lisenziyalaşdırılmış fiziki şəxslər həyata keçirə bilərlər.
Xəbər verildiyi kimi, 2009-cu ilin fevral-aprel aylarında sığorta agenti kimi fəaliyyət üçün lisenziya almaq məqsədilə 139 fiziki şəxs Maliyyə Nazirliyinin attestasiyasından keçib.