Yunanıstan Azərbaycan qazının digər ölkəyə nəqlində iştirak imkanlarınn nəzərdən keçirir. Bu barədə Yunanıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Konstantinos Tsiaras çərşənbə günü Bakıda sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşündə bildirib.
Sənaye və Energetika Nazirliyinin məlumatına görə, görüş zamanı K.Tsiaras qeyd edib ki, işçi qrupunun Bakıya səfərində əsas məqsəd iki ölkə arasında əməkdaşlığın mümkün istiqamətlərinin araşdırılmasıdır.
“Yunanıstan energetika sahəsində Azərbaycanla əməkdaşlığa tərəfdardır. Hesab edirik ki, biz Azərbaycan qazının hansısa yol və vasitə ilə digər ölkəyə nəqlində iştirak edə bilərik”,-deyə K. Tsiaras vurğulayıb.
O deyib ki, Yunanıstan Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını dəstəkləyir və onun dərinləşməsi üçün öz təcrübəsini bölüşməyə hazırdır.
Öz növbəsində G.Cavadov deyib ki, bəzi beynəlxalq layihələrin, o cümlədən Azərbaycanın enerji daşıyıcılarının Yunanıstan vasitəsilə Avropaya çatdırılması üçün yaxşı perspektivlər var və bunun həyata keçirilməsi regionun inkişafına, həmçinin burada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək.