“Kapital bank” 2009-cu ildə 100 bankomatın quraşdırılmasını planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin sədri Rauf Rzayev çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
“Ötən il biz 75 bankomatın quraşdırılmasını planlaşdırmışdıq. Lakin zaman keçdikcə bankomatlara tələbat artıb. Nəticədə ötən il 85 bankomat quraşdırılıb. Bu il biz 100 bankomat almaq niyyətindəyik. Alış 2 mərhələdə həyata keçiriləcək”,-deyə R.Rzayev qeyd edib.Hazırda bank tərəfindən 323 bankomat quraşdırılıb.
Bundan əlavə, o deyib ki, risklərin minimallaşdırılması məqsədilə istehlakçı kreditlərinin verilməsi şərtləri sərtləşdiriləcək.
R.Rzayev qeyd edib ki, bank 2009-cu il üçün taktiki plan hazırlayır. “Plan praktiki olaraq hazırdır. Ümumilkdə, bank inkişaf edəcək və gələcəkdə bazarda daha aqressiv fəaliyyət göstərəcək. O cümlədən bank xarici bazarlarda ekspansiya həyata keçirməyi planlaşdırır”,-deyə o vurğulayıb.
R.Rzayev deyib ki, hazırda bankın nizamnaməsinə dəyişikliklərin edilməsi, həmçinin bir yeni departamentin yaradılması hesabına bankın strukturunda dəyişikliklərin edilməsi ilə bağlı təkliflər müzakirə olunur.
O qeyd edib ki, 2009-cu ildə bank səhmdarları tərəfindən nizamnamə kapitalının artırılması (hazırda 24 mln.manat təşkil edir –İF) haqda qərar qəbul oluna bilər.
“Kapital bank” 2008-ci ilin 1-ci yarısının yekunları üzrə “İnterfaks-İAM”ın hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 301-ci, Azərbaycanın 46 bankı sırasında 7-ci yeri tutur.