Fövqəladə Hallar Nazirliyi paytaxtın təsərrüfat xidmətləri ilə birgə Bakının mərkəzində yerləşən və qəza vəziyyətində olan dördmərtəbəli memarlıq binasının sökülməsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.
«Bu gün FHN işçiləri və Səbail rayonunun təsərrüfat xidmətləri Ü.Hacıbəyov küçəsi, 6 ünvanında yerləşən binanın sökülməsinə başlayıblar», - deyə İcra Hakimiyyətindən bildirilib.
«100 ildən çox əvvəl tikilmiş bu bina tamamilə söküləcək», - deyə mənbə əlavə edib.
O qeyd edib ki, binanın sökülməsinə dair qərar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daha əvvəl qəbul olunub. “Lakin cümə axşamı binanın divarlarından birinin uçması bu prosesi sürətləndirib», - deyə icra Hakimiyyətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, binanın sakinləri bir müddət əvvəl köçürüldüyü üçün divarın uçması nəticəsində heç kim zərər çəkməyib.