Azərbaycan və Kuba mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Bu gün mədəniyyət və turizm nazir Əbülfəz Qarayev Kubanın nümayəndə heyəti ilə görüşüb. Görüşdə mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri, onun perspektivləri müzakirə olunub»,- deyə mənbə bildirib.
Ə.Qarayev bu sahədə əməkdaşlığı genişləndirmək üçün real imkanların olduğunu vurğulayıb və Azərbaycan tərəfi bir sıra təkliflərlə çıxış edib.
«Görüşün yekunları üzrə ölkələr arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazş imzalanıb. Azərbaycan tərəfdən sənədi hökumətlərarası komissiyanın həmsədri Ə.Qarayev, Kuba tərəfdən isə komissiyanın bu ölkədən olan həmsədri, Kubanın xarici investisiyalar və xarici ticarət nazirinin müavini Rikardo Qerero imzalayıblar»,- deyə mətbuat xidmətindən qeyd olunub.
İkitərəfli əməkdaşlıq çərçivəsində 2010-cu ilin fevral-mart aylarında hökumətlərarası komissiyanın növbəti iclası ərəfəsində Kubada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
R.Qereronun başçılıq etdiyi Kubanın nümayəndə heyəti Azərbaycan-Kuba hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının mayın 18-19-da keçiriləcək ikinci iclasında iştirak üçün Bakıya gəlib.