Cari ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM 8 mlrd. 996 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına görə, 2009-cu ilin yanvar-aprel aylarında ÜDM-nin 58%-i istehsal, 32,6%-i xidmət, 9,4%-i vergilər sahəsində əmələ gəlib.
Bununla yanaşı, hesabat dövründə ÜDM-nin 50,7%-i qeyri-neft sektorunda, 39,9%-i neft sektorunda yaranıb. Yanvar-aprel aylarında qeyri-neft sektorunda ÜDM-nin həcmi 8,4%, neft sektorunda 2% artıb.
Hesabat dövründə ÜDM-nin strukturunda 43,6% sənaye, 2,5% kənd təsərrüfatı, 11,9% tikinti, 7,6% nəqliyyat, 2,2% rabitə, qalan göstəricilər isə digər sektorların payına düşüb.
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda adambaşına ÜDM 1 min 42,9 manat ($1 296,9) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 3% olub.