Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Mərkəzi Asiya ölkələrinin “Nabucco” qaz layihəsinin həyata keçirilməsinə dair sazişə qoşulacağına ümid edir.
“Nabucco” layihəsinə gəlincə, qeyd etmək istəyirəm ki, ilkin mərhələ bu layihəyə Türkiyə, Gürcüstan və Azərbaycanın, növbəti mərhələ isə Mərkəzi Asiya ölkələrinin qoşulması ilə bağlıdır", - deyə P.Semnebi bazar ertəsi Bakıya gəlişində jurnalistlərə bildirib.
O ümidvar olduğunu bildirib ki, bu günlərdə imzalanmış “Şərq tərəfdaşlığı” bəyannaməsi AB-nin Cənubi Qafqaz və Qara dəniz ölkələrilə əməkdaşlığı üçün geniş imkanlar yaradacaq.
Qarabağ probleminə toxunan xüsusi nümayəndə bəyan edib: “AB Qarabağ münaqişəsinin nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və münaqişə tərəfləri arasında əlaqələrin möhkəmlənməsinə köməklik etməyə hazırdır”.
P.Semnebinin fikirincə, indiki dövrdə “Azərbaycan üçün çox vacib məqam başlayır”. "Gündəlikdə bir çox məsələlər var. Sabah (çərşənbə axşamı) mənim bir sıra rəsmi və qeyri-rəsmi şəxslərlə görüşlərim gözlənilir", - deyə o bildirib.