Parabank I yarımildə Bərdə və Şirvanda iki bölgə filialını açmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Hazırda bizim 15 filialımız fəaliyyət göstərir, yayın əvvəlində biz Bərdə və Şirvanda iki filialımızı açmağı planlaşdırırıq. Bununla da onların ümumi sayı 17-yə çatacaq", - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə görə, filiallar bank xidmətlərinin tam spektrini təqdim edəcək. "Cari ilin sonunadək bank respublika bölgələrində və paytaxtda göstərilən xidmət şəbəkəsini genişləndirməyi planlaşdırır", - deyə nümayəndə əlavə edib.
"Parabank" 1991-ci ildə yaradılıb.
“Parabank” 2008-ci ilin I yarısının yekunları üzrə “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 784-cü, Azərbaycanın 46 bankı sırasında 24-cü yeri tutub.