Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ümid edir ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçiriləcək görüş Qarabağ münaqişəsinin nizamlanması üzrə münaqişə tərəflərinin mövqelərinin yaxınlaşması üçün imkan olacaq.
Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin ötən həftə P.Semnebinin Bakıya səfərinin yekunları üzrə hazırladığı məlumatında deyilir ki, AB münaqişənin həllində vasitəçi rol oynayan ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir.
AB-nin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və bunun Azərbaycana təsirinə münasibət bildirən P.Semnebi vurğulayıb ki, Cənubi Qafqazda bütün sərhədlərin açılması regional təhlükəsizliyi möhkəmlədəcək və regionun iqtisadi potensialının tam inkişafına imkan verəcək.
O, Azərbaycanın Praqada Cənub dəhlizi sammitinin bəyannaməsini imzalamasını alqışlayıb. Xüsusi nümayəndəninn fikrincə, bəyannamə AB və onun Şərq qonşuları arasında energetika sahəsində əməkdaşlığın inkişafı üçün imkanlar açacaq. O da vurğulanır ki, Azərbaycan enerji mənbələrini və nəql yollarını diversifikasiya etmək səylərində AB-nin enerji əlaqələrində əsas rol oynayır.
Azərbaycana səfəri zamanı P.Semnebi mayın 7-də Praqada AB ilə Avropa Qonşuluq Siyasətinin 6 tərəfdaş ölkəsi tərəfindən imzalanmış Şərq tərəfdaşlığı proqramının müzakirəsinə xüsusi yer ayırıb.
Məlumatda qeyd olunur ki, «Şərq tərəfdaşlığı” AB və proqramın iştirakçı ölkələri arasında ikitərəfli əlaqələrin gücləndirilməsi, eləcə də idarəetmə məsələləri üzrə regional platforma vasitəsilə regional əməkdaşlığın, iqtisadi əməkdaşlığın, enerji məsələlərinin və insanlar arasında əlaqələrin inkişafına imkan yaradır.