Prezident İlham Əliyev bazar ertəsi respublikanın ikinci böyük şəhəri olan Gəncəyə gedib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasından məlumat verilib.
Bu ilin əvvəlində Gəncədə istehsalın ümumi həcmi 61,3 mln. manat təşkil edib. Məhsul istehsalının ümumi həcmində 27,3% sənaye, 8,4% - inşaat, 20% - nəqliyyat, 44,3% - topdan və pərakəndə ticarət sahəsinin payına düşür. Cari ilin I rübündə sənayedə 16,7 mln. manatlıq məhsul istehsal olunub. Bütün maliyyə mənbələrinin hesabına şəhər iqtisadiyyatı və sosial sahələrin inkişafına 4,7 mln. manatdan çox investisiya qoyulub. Şəhərin müasir işıqlandırma sisteminin yaradılması, binaların fasadlarının üzlənməsi və abadıq işlərinin aparılması istiqamətində ciddi işlər görülüb.
Dövlət başçısı Heydər Əliyev meydanına baş çəkərək, burada aparılmış yenidənqurma işləri ilə tanış olub. Burada musiqili fəvvarə quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb, xaricdən gətirilən müxtəlif növ ağac, kol və güllər əkilib.
İ.Əliyev meydanda həmçinin ictimaiyyətlə də görüşüb.
Həmin gün prezident Gəncə şəhər Polis İdarəsinin yeni inzibati bimnasının açılışında iştirak edib.