2009-cu ildə Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 mlrd. manat təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 30% azdır.
"Vəziyyətin tez-tez dəyişməsi ilə əlaqədar indi BFB-də dövriyyəni proqnozlaşdırmaq olduqca mürəkkəbdir. Ötən il dövriyyə təxminən 10 mlrd. manat təşkil edib. Əgər bu il biz 7 mlrd.-lıq səviyyəyə çıxsaq, bu, yaxşı göstərici olacaq", - deyə çərşənbə günü jurnalistlərə BFB İdarə Heyətinin sədri Xəyal Abdinov məlumat verib.
Onun sözlərinə görə, cari ildə birjada dövriyyənin əsasını dövlət qiymətli kağızları ilə əməliyyatlar təşkil edir.
"Bu il səhmlər bazarı bir qədər canlanıb və səhmlər bazarı üzrə birja dövriyyəsinin həcmi kəskin şəkildə artıb. Buna görə də dövlət kağızlarının xüsusi çəkisi bir qədər aşağı düşüb", - deyə sədr qeyd edib.
X.Abdinov vurğulayıb ki, 2009-cu ildə BFB maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində mənfəət əldə etməyi planlaşdırır. "Birjanın səhmdarları ümumi illik iclasda (1 may – İF) BFB-nin fəaliyyəti ilə bağlı cari məsələləri müzakirə edib. Xüsusilə 2008-ci ildə 1 mln. manatı keçən xalis mənfəətin 30%-i həcmində dividendlərin ödənilməsinə dair qərar qəbul edilib. Səhmdarlar 2009-cu ilin büdcəsini təsdiqləyiblər. Büdcə mənfəətin əldə olunmasını nəzərdə tutsa da, o, son 2 illə müqayisədə çox az olacaq", - deyə sədr əlavə edib.
Xəbər verildiyi kimi, 2009-cu ilin yanvar-aprel aylarında BFB-də bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi təxminən 2,2 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,8% azdır.
BFB ölkədə mütəşəkkil fond bazarının yaradılması məqsədilə 2000-ci ilin fevralında təsis edilib. Hazırda BFB-nin İstanbul Fond Birjası da daxil olmaqla 18 səhmdarı var.