“AzSigorta” şirkətinin xalis mənfəəti 2008-ci ildə 2,1 mln. manatı ötüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin auditor rəyilə təsdiqlənmiş maliyyə hesabatına görə, 2008-ci ildə şirkətin gəlirləri 8 mln. 835,1 min manat təşkil edib. Sığorta tədiyələri 9 mln. 795,4 min manat, vəsaitlərin təkrar sığortaya verilməsindən komisyon haqlar 121,9 min manat, investisiya gəlirləri 427,7 min manat təşkil edib. 2008-ci ildə şirkətin xalis sığorta ehtiyatları 2,2 mln. manat azalıb ki, bu da gəlirlərin azalmasına gətirib çıxarıb. Hesabat dövründə qalan gəlirlər başqa maddələr üzrə əldə olunub.
Şirkətin xərcləri 2008-ci ildə 6 mln. 267,4 min manat təşkil edib. O cümlədən sığorta ödənişlərinin həcmi 2,4 mln. manat, tədiyyələr üzrə qaytarmalar 53,1 min manat, sığorta işlərinin aparılması üzrə 2,6 min manat, təkrar sığortaya verilən risklər 1 mln. manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2008-ci ilin yekunlarına görə, şirkətin vergidən əvvəlki mənfəəti 2 mln. 567,7 min manat, xalis mənfəəti 2 mln. 100,9 min manat təşkil edib.
2008-ci ildə şirkətin aktivləri 2,5 dəfə artaraq 10 mln. 656 min manata, öhdəliklər 3,2 dəfə artaraq 6 mln. 555,5 min manata, məcmu kapital 89,9% dəfə artaraq 4 mln. 100,9 min manata çatıb.
Bundan əlavə, 2008-ci ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 2,3 dəfə artaraq 4 mln. 448,4 min manat təşkil edib.
“AzSigorta” sığorta fəaliyyəti üçün lisenziyanı 2006-cı ilin noyabrında alıb. Şirkətin səhmdarları bir fiziki şəxsdir. Nizamnamə kapitalı 2 mln. manata bərabərdir. Şirkət sığortanın 28 növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir. Bunlardan 24-ü könüllü, 4-ü icbari sığorta növləridir.