Gəncədə 28 may Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Azərbaycanın müstəqilliyi ilk dəfə Tiflisdə elan edilsə də, onun ilk addımları Gəncədə atılıb. Tarix ondan ibarətdir ki, şərqdə ilk demokratik respublika Gəncədə formalaşıb və ona görə də Azərbaycanın ilk paytaxtı olub”,-deyə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə bildirib.
O, həmçinin 1918-ci ildə ölkənin müstəqilliyinin elan olunmasına gətirib çıxaran hadisənin əhəmiyyətinə toxunub.
“Respublikanın müstəqilliyinin sarsılmazlığını Heydər Əliyev təmin edib. Qonşularla müqayisədə bunu görmək olar. İlham Əliyevin siyasəti nəticəsində isə Azərbaycanın dünyadakı mövqeyi möhkəmlənir. Bu gün Azərbaycan vətəndaşı olmağımızla fəxr edə bilərik”,-deyə o əlavə edib.
Azərbaycan Demokratik Respublikası 1918-ci il mayın 28-də elan edilib. Həmin il iyunun 17-dən sentyabrın 15-dək Gəncədə indiki Dövlət Aqrar Akademiyasının binasında fəaliyyət göstərib.