Gürcüstan Xarici İşlər Nazirliyi çərşənbə günü ABŞ və Avropa Birliyinin 25 may tarixli birgə bəyanatını yayıb. Bəyanatda Gürcüstan hakimiyyəti və müxalifətinə dərhal danışıqlara başlamaq çağırışı səsləndirilir.
Birgə bəyanatda qeyd olunur ki, Gürcüstan hakimiyyəti və müxalifət küçələrdə yaranmış çətin vəziyyəti həll etməli və heç bir ilkin şərt olmadan ölkədə demokratiyanın gücləndirilməsi məqsədilə islahatların aparılması məsələləri ilə bağlı dərhal danışıqlara başlamalıdır.
ABŞ və Avropa Birliyi bütün gürcüləri qanunun aliliyinə hörmət etməyə, ölkə konstitusiyasına tabe olmağa, zorakılıqdan çəkinməyə və dinc etiraz hüququna hörmətlə yanaşmağa çağırır.
Bəyanatda deyilir ki, ABŞ və Avropa Birliyi demokratik azadlıqların bərqərar olmasına yönəlmiş istənilən səyləri dəstəkləyir.
ABŞ və AB Gürcüstanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəklədiklərini növbəti dəfə bəyan edirlər.