2009-cu ilin yanvar-may aylarında Azərbaycanda yük daşımalarının həcmi 73 mln. ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yük daşımalarının ümumi həcminin strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 72%, dövlət sektorunun payına 28% düşüb.
Hesabat dövründə dəmir yolu ilə tranzit yükləri də daxil olmaqla, 8,1 mln. ton (azalma 29,6%) yük daşınıb.
Hesabat dövründə respublikanın dəniz nəqliyyatı ilə 5,1 mln. ton müxtəlif yük (artım 8,7%) daşınıb. Dəniz daşımaları strukturunda neft və neft məhsulları 72%, quru yüklər 28% təşkil edib.
2009-cu ilin yanvar-may aylarında avtomobil yolu ilə yük daşımalarının həcmi 34,1 mln. ton (artım 8,3%) təşkil edib.
Həmin dövrdə daxili neft kəmərləri ilə 20,2 mln. ton neft (dəyişməyib – İF) nəql edilib. 15,2 mln. ton (artım 0,6%) neft Bakı-Tiflis-Ceyhan kəmərilə nəql olunub. BTC neft kəmərilə nəql olunan neftin 754,8 min tonu Tengiz neftinin payına düşüb.
Yük daşımalarının qalan həcmi qaz kəmərləri ilə nəql edilib.