Bakı şəhərindəki Orxus ictimai-ekologiya mərkəzində Səhralaşmaya qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Azərbaycanda torpaqların səhralaşması problemi müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rüzgar” Ekologiya Cəmiyyətindən məlumat verilib.
Cəmiyyətin sədri İslam Mustafayev Azərbayanda meşələrin məhv edilməsi, təbii sərvətlərdən intensiv istifadə, əkinçilik və irriqasiyanın aparılma qaydalarının pozulması, eləcə də kənd təsərrüfatı torpaqlarından bacarıqsız istifadə nəticəsində torpaqların səhralaşması prosesinin güclənməsi ilə bağlı narahatlıq bildirib.
BMT-nin səhralaşmaya qarşı mübarizəyə dair Konvensiyasının milli əlaqələndiricisi Oqtay Cəfərov öz çıxışında torpaqğın fiziki xassələrinin korlandığını, bitkilərin məhv olduğunu, qrunt sularının duzlaşması və torpaqların bioloji məhsuldarlığının kəskin azaldığını xüsusi qeyd edib. O, həmçinin ölkənin Konvensiya qarşısında götürdüyü öhdəliklər, bu istiqamətdə yerinə yetirilmiş layihələr və gələcək planlardan da danışıb.
REM Milli Ofisinin direktoru İsa Əliyev səhralaşma ilə bağlı bir sıra ekoloji problemlərin həllinə regional yanaşma məsələsi və əməkdaşlığın inkişafı ilə bağlı planlar üzərində dayanıb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, bir sıra beynəlxalq layihələrin milli əlaqələndiriciləri, QHT, elmi mərkəzlər və s. iştirak edib.