Azərbaycan parlamentinin deputatları NATO Parlament Assosiasiyasının Qazaxıstanda keçiriləcək növbəti «Rose–Roth» seminarında iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən verilən məlumata görə, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və deputat Jalə Əliyeva iyunun 25-26-da 71-ci «Rose–Roth» seminarında iştirak etmək üçün çərşənbə günü Astanaya yola düşəcəklər.
Seminarın gündəliyinə Mərkəzi Asiya və iqtisadiyyatlar məsələsi, bu regiondakı ölkələrdə vətəndaş cəmiyyətlərinin vəziyyəti daxildir. Eləcə də seminarda ticarət və investisiya məsələlərinə, insan haqları statusuna və demokratiyaya, Mərkəzi Asiya ölkələrində təhlükəsizlik sahəsində islahatlara həsr olunmuş məruzələr dinləniləcək. Təhlükəsizliyə dair məruzələr çərçivəsində Xəzər və Qara dəniz regionlarında əməkdaşlıq məsələləri, Qafqazda təhlükəsizlik çağırışları, Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.
Azərbaycan 2002-ci ildən NATO PA-nin assosiativ üzvüdür.