Qanunvericilikdə miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqini nəzərdə tutan düzəlişlər qüvvəyə minib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Milli Məclisdən məlumat verib.
“Belə prinsipin tətbiqi “Ölkəyə gəlmək və ölkədən getmək, pasportlar haqqında”, “Yaşayış yeri və qalmaq yeri üzrə qeydiyyat haqqında”, “İmmiqrasiya haqqında” və “Əmək miqrasiyası haqqında” qanunlara əlavə və dəyişikliklərdə nəzərdə tutulub”,-deyə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli düzəlişləri deputatlara təqdim edərkən bildirib.
Əlavə və dəyişikliklərə görə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan əcnəbilər Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri və pasportların vasitəsilə ölkəyə gələ və ölkədən gedə bilər. “Digər əlavəyə görə, Azərbaycana viza və ya vizasız əsaslarla gələn və ölkədə müvəqqəti qalma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadılan xarici vətəndaş dövlət sərhəd buraxılış məntəqəsindən keçərək ölkəni tərk edə bilər. Bu zaman o, pasportunu və müvəqqəti qalma müddətinin uzadılması haqda qərarı təqdim etməlidir”,-deyə komitə sədri bildirib.