Parlamentin deputatları Dağlıq Qarabağa humanitar yardım kimi vəsaitin ayrılması ilə bağlı ABŞ Konqresinə müraciət qəbul ediblər. “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı parlamentdən verilən məlumata görə, müraciəti İqtisadi siyasət, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin iclasının iştirakçıları qəbul ediblər.
Sənəddə Amerika qanunvericilərinin Dağlıq Qarabağa yardım ayırması qərarından narahatlıq ifadə olunur. Müraciət iştirakçıları qeyd edirlər ki, Vaşinqtonun vasitəçiliyinin (Qarabağ probleminin həllində -İF-Az) daha çox tələb olunduğu bir vaxtda belə addım “ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafına xidmət etmir”.
Parlamentin sədri Oqtay Əsədov da ABŞ-ın Dağlıq Qarabağa yardım göstərməsindən narazılığını bildirib. “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və yalnız Azərbaycan vasitəsilə ona kömək göstərilə bilər”, - deyə o vurğulayıb.