Azərbaycan vətəndaşların təhlükəsizliyinin ən yüksək səviyyədə qorunduğu ölkələr sırasına daxildir. Bu barədə daxili işlər naziri Ramil Usubov məlumat verib.
“Hər 100 min əhaliyə ən az sayda cinayətin düşdüyü Azərbaycan bu göstəriciyə görə MDB-də və Şərqi Avropa məkanında birinci yeri tutur”,-deyə R.Usubov parlamentin mətbu orqanı olan “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
İyulun 2-də Azərbaycanda Polis günü qeyd olunur.
DİN başçısı bildirib ki, 15 il öncə ölkə prezidenti tərəfindən imzalanmış “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi üzrə tədbirlər haqqında” fərmanın imzalandığı andan Azərbaycanda 22 mindən çox cinayətkar qrup zərərsizləşdirilib.
Nazir qeyd edib ki, sözügedən müddətdə vətəndaşlardan 30 minə yaxın qanunsuz saxlanılan odlu silah yığılıb. Bunu nəticəsində belə silah növündən istifadə olunmaqla törədilən cinayətlərin sayı yeddi dəfə azalıb, qətl və xüsusilə ağır cinayətlərin sayı üç dəfə azalıb. Hesabat dövründə belə cinayətlərin törədilməsində təqsirli bilinən 70 mindən çox adam cinayət məsliyyətinə cəlb edilib. 3 tondan çox narkotik bitki qanunsuz dövriyyədən çıxarılıb. “Son illər bəzi ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur, bəzi qanun pozuntularının törədilməsi isə proqnozlar çərçivəsindən kənara çıxmır”,-deyə nazir bildirib.
Öz növbəsində daxili işlər nazirinin müavini Əsgər Ələkbərov Prezident Administrasiyasının İşlər İdarəsinin mətbu orqanı olan “Xalq qəzeti”ndə dərc olunmuş məqaləsində bildirib ki, təkcə 2008-ci ildə ölkədə 777 nəfərdən ibarət 257 cinayətkar qrup və dəstə zərəsizləşdirilib. “2009-cu ilin altı ayında ağır, xüsusilə ağır və ictimai təhlükə doğurmayan cinayətlərin üstünün açılması müvafiq olaraq 80, 82 və 83% təşkil edib. Qətllərin üstünün açılması 80%, insan həyatına sui-qəsdlərin üstünün açılması 100% təşkil edib”, - deyə o vurğulayıb.
Bundan əlavə, nazir müavini qeyd edir ki, 2008-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2308 nəfərdən ibarət 80 qrup aşkar edilib. 652 kq.-a yaxın narkotik maddə dövriyyədən çıxarılıb. “Təkcə ötən il 39 kq.-a yaxın heroin aşkar edilib”,-deyə Ə.Ələkbərov bildirib. Onun sözlərinə görə, bu ilin altı ayında narkotik vasitələrlə bağlı törədilən 1800-ə yaxın cinayətin üstünün açılması 91,2% təşkil edib.
Bununla yanaşı, nazir müavini dövlət və şəxsi əmlakın oğurlanması ilə bağlı cinayətlərin sayının artdığını vurğulayıb. “Lakin bu cinayətlərin üstünün açılması 100% təşkil edib”,-deyə Ə.Ələkbərov bildirib.