Azərbaycan Dövlət Gənclər Simfonik Orkestri iyunun 30-dan iyulun 5-dək Rusiyanın ən məşhur konsert zallarında konsert proqramı ilə çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə orkestrdən məlumat verilib.
Orkestrin birinci çıxışı İttiqfaqlar Evinin Sütunlu zalında baş tutub. İyulun 1-də gənc musiqiçilər Ulduz şəhərciyində konsert veriblər. Onlar üçün həmçinin Rusiya kosmonavtları ilə ayrıca görüş təşkil olunub.
İyulun 3-də Kazanın Mərkəzi Konsert zalında, iyulun 4-də Tatarıstanın Pestreçensk rayonunda konsert keçirilib.
Orkestrin repertuarına Niyazinin “Rast”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Motsartın “Fiqaronun toyu” və bir çox digər əsərlər daxil olub.
Gənclər orkestrinin solistləri arasında beynəlxalq və respublika müsabiqələrinin, o cümlədən Qara Qarayev adına müxtəlif müsabiqələrin, beynəlxalq festivalların laureatları olub.
Gənclər Simfonik Orkestri məşhur musiqiçi Mstislav Rostropoviçin tövsiyyəsi ilə 2006-cı ilin martında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb.