Göygöl rayon sakini Fikrət Abbasov onun anasını əməliyyat etmiş həkimi öldürməyə çalışıb. Qeyd edək ki, qadın əməliyyat masasında dünyasını dəyişib. Bu barədə çərşənbə axşamı “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verib.
Bildirilib ki, hadisə səhər saatlarında baş verib. Abbas Səhhət adına 1 saylı Gəncə şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri, həkim Adnan İsmayılov öz avtomobilində qarajdan çıxarkən 36 yaşlı F.Abbasov avtomobilə yaxınlaşıb və qısa söhbətdən sonra həkimin maşınına qumbara atıb.
«A.İsmayılov bədəninin sağ tərəfindən xəsarət alıb. Biz dərin yara aşkar etmədik. O, bel nahiyəsində, əl və ayağından qəlpə yaraları alıb»,- deyə A.Səhhət adına xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Rəşid Həsənov məlumat verib.
Polis cinayəti törətdikdən sonra gizlənməyə çalışan F.Abbasovu saxlayıb.
«O bildirib ki, buna səbəb A.İsmayılovun F.Abbasovun anasını əməliyyat etdiyi zaman qadının dünyasını dəyişməsidir. O, qisas almaq və həkimi öldürmək qərarına gəlib»,- deyə Gəncə Prokurorluğunun kriminalisti Kamil Yunisov bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 228 (qanunsuz silah və döyüş sursatı saxlama) və 120-ci maddəsi (sui-qəsdə cəhd) ilə cinayət işi qaldırılıb.