Milli Məclisin vitse-spikeri Bahar Muradova qanunvericilik orqanının payız və növbədənkənar sessiyaları zamanı parlamentin fəaliyyətindən razılığını bildirib.
“Milli Məclis parlamentin yay və yaz sessiyaları zamanı öz işinin öhdəsindən layiqincə gəlib”,-deyə B.Muradova çərşənbə axşamı parlamentin sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib.
“Azərbaycan parlamenti səmərəli işləyərək bütün istiqamətlər üzrə mühüm sənədləri qəbul edib”,-deyə o vurğulayıb.
B.Muradova bildirib ki, yaz sessiyası (1 mart-31 may) və növbədənkənar sessiya (1-30 iyun) zamanı Milli Məclisin 17 plenar iclası keçirilib. İclaslar zamanı 99 qanun və qərar qəbul edilib. O qeyd edib ki, yaz sessiyası zamanı 14 plenar iclas keçirilib. İclaslarda 68 qanun və qərar qəbul edilib. Növbədənkənar sessiya zamanı 31 qanun və qərar qəbul edilib. “Onlardan martın 18-də Konstitusiyaya düzəlişlərin edilməsilə bağlı referendumun keçirilməsi haqda qərarı, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktını və “Təhsil haqqında” qanunu mühüm hesab etmək olar”,-deyə vitse-spiker vurğulayıb.
Onun sözlərinə görə, yaz və növbədənkənar sessiyalar zamanı Milli Məclis aparatına 25666 ərizə, şikayət və təklif daxil olub ki, bu da ötən illə müqayisədə 9% azdır. Sözügedən müddətdə Milli Məclisdə 2781 vətəndaş qəbul edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,5% azdır.
B.Muradova bildirib ki, Milli Məclisin payız sessiyasına Tikinti Məcəlləsinin (ikinci oxunuş), “Şübhəli bilinərək və təqsirləndirilərək həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təminatı” (birinci oxunuş), “Dövlət müəssisələrində çalışan şəxslərin əmək haqlarının tənzimlənməsi haqqında” (birinci oxunuş), “Elm və elmi-texniki siyasət haqqında”, “Ali təhsil haqqında”, “Ümumtəhsil haqqında” qanun layihələrinin çıxarılması planlaşdırılır.