Almaniyanın DEG investisiya qrupu 2010-cu ildə Azərbaycanda bir neçə layihəni maliyyələşdirə bilər. Bu barədə çərşənbə günü qrupun strukturlaşdırılmış maliyyələşmə şöbəsinin müdiri Holger Rotenbuş (Holger Rothenbusch) jurnalistlərə məlumat verib.
"Biz Azərbaycanda biznes üçün açığıq. Çünki dünya böhranı Avropa və Mərkəzi Asiyadan fərqli olaraq Azərbaycan iqtisadiyyatına güclü toxunmayıb. Biz Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Unibank”la layihənin ($83 mln. həcmində maliyyə paketinin ayrılması - İF) başa çatmasına çoxlu səy və vaxt sərf etmişik və mən bu ilin sonunadək Azərbaycanda daha bir layihəmizin olacağına əmin deyiləm. Əgər dünya iqtisadiyyatı sabitləşməkdə davam edərsə, ola bilsin ki, gələn il biz yeni layihələrin həyata keçirilməsi üçün yeni tərəfdaşlar axtarmağa başlayaq ", - deyə o bildirib.
Şöbə müdiri qeyd edib ki, hazırda DEG Azərbaycanda 3 bankla işləyir və onlarla əməkdaşlığı davam etdirəcək. Bunlar “Bank Respublika”, “Unibank” və “Azərdəmiryolbank”dır.
"Bizim başqa banklarla da əlaqələrimiz var və onlarla hələ maliyyə böhranından əvvəl danışıqlar aparılırdı. Zamanla biz bu danışıqları bərpa etməyə hazır olacağıq. Ancaq indi biz yeni tərəfdaşlar axtarışına başlamazdan öncə mövcud tərəfdaşları kifayət qədər maliyyələşmə həcmi ilə təmin etmək üçün onlara dəstək göstərmək siyasətinin tərəfdarıyıq", - deyə o əlavə edib.