Gürcüstan prezidenti Mixail Saakaşvili əmindir ki, ABŞ-ın dəstəyi Gürcüstana yeni silahlı münaqişələrlə bağlı zəmanət verir.
“ABŞ prezidenti Barak Obama Moskvada Gürcüstanı dəstəklədiyini aydın bildirib”,-deyə M.Saakaşvili cümə axşamı Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclasında qeyd edib.
Onun sözlərinə görə, “Rusiyanın Gürcüstana qarşı istənilən təcavüzkar planları pozulub və müharibə olmayacaq”.
Vaşinqtonun Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü “şərtsiz” dəstəklədiyinə diqqəti yönəldən prezident əmin olduğunu bildirib ki, “Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərini saxlamağa bir faiz də şansı yoxdur, belə ki, indi 21-ci əsrdir”.
Onun fikrincə, 2008-ci ilin avqustunda baş vermiş Gürcüstan-Cənubi Osetiya münaqişəsindən sonra Rusiya “böyük beynəlxalq problemlə” üzləşib. Gürcüstan isə “bütün bunlardan daha güclü çıxacaq”.
M.Saakaşvili əmin olduğunu bildirib ki, Gürcüstanda sabitliyi pozmaq mümkün olmayıb. “Bu planlar var idi. Çünki daxili sabitlik pozulsaydı, tərəfdaşlarımızın dəstəyini almaq bizə çətin olardı. Lakin bu planlar baş tutmadı”,-deyə o vurğulayıb.