ATƏT-in Qarabağ üzrə Minsk Qrupunun həmsədrləri həmsədr ölkələrin prezidentləri tərəfindən təklif olunan münaqişənin nizamlanması üzrə “Madrid prinsipləri”nin yenilənməsi məsələsilə bağlı işçi qrupun bir neçə iclasını keçirəcəklər.
"Sənəd tam hazır deyil və biz bir neçə işçi iclas keçirmək niyyətindəyik", - deyə ATƏT-in MQ-nin fransalı həmsədri Bernar Fasye "Armenpress" dövlət informasiya agentliyinə bəyan edib.
Onun sözlərinə görə, avqustda amerikalı həmsədr M.Brayza bütüm vasitəçilər adından Ermənistan və Azərbaycana səfər edəcək, B.Fasyenin səfəri sentyabrın əvvəlində baş tutacaq, hər 3 həmsədr birlikdə regiona sentyabrın sonlarında səfər edəcəklər.
"Bizim bütün səfərlərimiz tərəflər arasında dialoqun inkişafına, onların mövqelərinin yaxınlaşmasına yönəlib. Sənədin yenilənmiş variantı isə hazır olan kimi baxılmaq üçün tərəflərə təqdim olunacaq", - deyə B.Fasye bildirib.