Avropa Şurasının Nazirlər Komitəsi sentyabrda milli azlıqların hüquqlarının müdafiəsinə dair tövsiyələrini Gürcüstan hökumətinə təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə insan hüquqlarının müdafiəsi üzrə “Tolerans” İctimai Birliyinin rəhbəri Elbrus Məmmədov məlumat verib.
O qeyd edib ki, Gürcüstandanın milli azlıqların hüquqlarının müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə öhdəlikləri yerinə yetirməsi ilə bağlı tövsiyələr bu ilin aprelində müvafiq Məsləhətçi Komitə tərəfindən həm AŞ-nin Nazirlər Komitəsinə, həm də Gürcüstan hökumətinə göndərilib.
E.Məmmədovun sözlərinə görə, milli azlıqların hüquqlarının müdafiəsi haqqında Çərçivə Konvensiyası üzrə Məsləhətçi Komitənin tövsiyələri hazırda Tiflisin nəzarətində olan Gürcüstan ərazisindəki milli azlıqların vəziyyəti ilə bağlı məlumatdan ibarətdir. Orada xüsusilə dini azlıqların hüquqlarının, o cümlədən məscidlərin inşası ilə bağlı hüquqlarının müdafiəsi, Kvemo-Kartli regionunda demoqrafik vəziyyət, Sadaxlı və qonşu kəndlərin yaşayış məntəqlərinin Ermənistan sərhədçilərinin qanunsuz fəaliyyətlərindən müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənədə həmçinin ana dilindən istifadə və ana dilində təhsil alma imkanı, 90-cı illərdə Kvemo-Kartli regionunda dəyişdirilmiş Azərbaycan toponimlərin ənənəvi adlarının qaytarılması və Gürcüstandakı etnik azlıqların bir çox digər vacib məsələləri daxil edilib.