Ötən yarım il ərzində Gəncədə 1166 yeni iş yeri açılıb. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.
«2009-cu ilin yanvar-iyun aylarında şəhər üzrə ÜDM 121,8 mln. manat təşkil edib. Həcm belə paylanıb: 44,6% ticarət və avtomobillərin təmiri üzrə xidmətlər, 26,8% - sənaye, 10,9% - tikinti, 16% - nəqliyyat, 1,7% - kənd təsərrüfatı və rabitə»,- deyə o, İH-nin I yarımilin yekunlarına həsr həsr olunmuş iclasında bildirib.
E.Əzizov onu da qeyd edib ki, ötən yarımil ərzində şəhərdə açılmış 1166 yeni iş yerinin ümumi sayından 1040-ı daimidir.
İcra başçısı həmçinin şəhərdə mövcud olan iki köhnə avtovağzalın əvəzinə yeni avtovağzalın inşasının zəruriliyini qeyd edib.
«Gəncədə bir avtovağzalın olması məqsədəuyğundur. Yeni avtovağzalın layihəsinə Nəqliyyat Nazirliyi tərəfindən baxılıb və qəbul edilib»,- deyə E.Əzizov bildirib. O vurğulayıb ki, bu gün şəhərdə mövcud olan avtovağzallar müasir standartlara qətiyyən uyğun deyil.
İH başçısı deyib ki, prezident İlham Əliyevin şəhərə səfərləri haqqında kitab nəşrə hazırlanır. Kitaba fotomateriallar, dövlət başçısının çıxışları daxildir.