Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Kamil Xasıyevlə müsahibə.
Azərbaycan-NATO əməkdaşlığının əsas istiqamətləri nədən ibarətdir?
Biz müdafiə və təhlükəsizlik institutlarımızda islahatların aparılması yolu ilə çalışırıq. Məqsəd onların qabaqcıl demokratik modellərə uyğun olmasıdır. Çünki bu, bizim dövlətin Avropa və Avroatlantik qurumlara inteqrasiya üzrə strateji kursudur. Biz istəyirik ki, institutlarımızın hamısı müdafiə və təhlükəsizlik sahəsi də daxil olmaqla, Avropada qəbul edilmiş yüksək standartlara uyğun olsun.
İnteqrasiyanın son məqsədi kimi Azərbaycanın NATO-ya üzvlüyü məsələsi qoyulurmu?
Xeyr, bilavasitə üzvlük məsələsinə gəlincə, bu gün bu məsələ gündəlikdə deyil.
NATO tərəfdaş ölkələri Əfqanıstanda mülki iştirakı genişləndirməyə çağırır. Azərbaycan bu təşəbbüsü dəsytəkləyirmi?
Əlbəttə. Hesab edirik ki, Əfqanıstanda vəziyyətə yanaşma hərtərəfli olmalıdır. Təbii ki, biz həm NATO, həm də digər tərəfdaş ölkələr kimi hərbi əməliyyata öz töhfəmizi veririk. Bununla yanaşı mülki komponentin genişləndirilməsini də vacib sayırıq. Milli institutların yaradılmasında Əfqanıstana köməyi gücləndirmək, ölkəyə iqtisadi yardım göstərmək lazımdır. Bu sahələrdə irəliləyişə nail olmadan, əhalinin dəstəyini qazanmaq mümkün deyil. “Taliban” hərəkatına dəstək bazasını azaltmaq lazımdır, bunu isə yalnız mülki sahədə etmək mümkündür. Hərbi yolun yekun həlli yoxdur.
Azərbaycan bununla bağlı hansı əməli addımları atmağı planlaşdırır?
Sözsüz ki, bu məsələlər konkret dəqiqləşdiriləcək və müzakirə ediləcək. Elə məsələlər var ki, biz bunlarda həqiqətən də kifayət qədər səriştəliyik və faydalı ola bilərik. Baxaq görək nə olur. Təkcə köməyin göstərilməsi yox, həm də həqiqətən lazım olan köməyin göstərilməsi vacibdir. Əfqanıstanla işləmək lazımdır. Baxaq görək onlara nə lazımdır: təhsil, səhiyyənin təkmilləşdirilməsi və ya başqa nəsə. Bunlar aydınlaşdırıldıqdan və dəqiqləşdirildikdən sonra bizim müvafiq qurumlarımız konkret olaraq bu işlə məşğul olacaqlar.
Bizim sülhməramlılar Kosovodan çıxarıldıqdan sonra Azərbaycanla NATO arasında hər hansı problem varmı?
Təbii ki, yox. Hər bir ölkə bu cür məsələləri özü həll etməkdə azaddır. Bundan əlavə, biz Kosovoda hər zaman olduğundan lazımlı bir vaxtda, 1999-2000-ci illərdə iştirak etmişik. O zaman regionda təhlükəsizlik sahəsində vəziyyət kifayət qədər gərgin idi. Yeri gəlmişkən, qoşunların çıxarılması haqda qərar NATO üzvü olan ölkələr tərəfindən qəbul olunur. Bu məsələ hərbi məqsədəuyğunluq ilə müəyyən edilir.
Belə ki, bizim sülhməramlıların Kosovodan çıxarılması haqda qərar Brüsseldə anlayışla qarşılanıb. Bundan əlavə, biz nəinki sülhməramçılıqdan uzaqlaşmamışıq, hətta Əfqanıstanda öz kontingentimizi bir qədər genişləndirmişik. Yeri gəlmişkən, Əfqanıstanda vəziyyət daha təhlükəlidir və bizim əsgərlər orada daha lazımlıdırlar. Çünki əsgərlərimiz bütün bunlarla yanaşı yerli əhali ilə də yaxşı münasibətlərə malikdirlər. Odur ki, bizimlə NATO arasında qarşılıqlı anlaşma məsələsilə bağlı problem yoxdur.