Naxçıvan Muxtar Respublikasında 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla həyat keçirilməsi son beş il ərzində NMR-da dinamik iqtisadi inkişafı təmin edib. Bu barədə Ali Məclisin 7-ci sessiyasında NMR-in rəhbəri Vasif Talıbov bəyan edib.
«2003-cü illə müqayisədə 2008-ci ildə ÜDM-in həcmi 5 dəfə, adambaşına düşən ÜDM-in həcmi isə 4 dəfə artıb. Bu dövr ərzində sənayedə 9 dəfə, kənd təsərrüfatında 2 dəfə, əsas kapital qoyuluşlarında 5 dəfə artım müşahidə olunub»,- deyə V.Talıbov qeyd edib.
Onun sözlərinə görə, cari ilin birinci yarısının yekunları MR-in 2009-2013-cü illər üzrə sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramının da uğurla həyata keçdiyini göstərir.
«Cari ilin ilk altı ayı ərzində muxtar respublikada 417 mln. 433 min manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 31% çoxdur. 6 ay ərzində adambaşına ÜDM-in həcmi 1048 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur»,- deyə Ali Məclisin sədri bildirib.
O qeyd edib ki, 1-ci yarımildə sənaye artımı 23% təşkil edib. Onun sözlərinə görə, sənaye məhsullarının ümumi həcmində istehsalatın payı 79%, xidmətlərin payı 21% təşkil edib.
Naxçıvan MR rəhbəri qeyd edib ki, sənaye sektorunun inkişafına yardımın göstərilməsi məqsədilə 1-ci yarımildə bank və kredit təşkilatları tərəfindən istehsalçılara 5 mln. 720 min manat məbləğində kredit verilib.
Onun sözlərinə görə, əgər ötən ilin 1-ci yarısında 10 yeni istehsalat və xidmət obyekti istifadəyə verilibsə, 2009-cu ildə 17 obyekt istifadəyə verilib. Bundan əlavə, müxtəlif təyinatlı 54 yeni sahənin yaradılması üzrə işlər davam etdirilir.
“Muxtar respublika iqtisadiyyatında əldə edilən uğurlar tikinti və abadlıq işlərinin həcminin artırılması, şəhər və kəndlərin yeniləşməsi üçün şərait yaradır. 2009-cu ilin ötən 6 ayı ərzində muxtar respublikada bütün maliyyə mənbələrinin hesabına kapital qoyuluşlarının həcmi 202 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 76% çoxdur”,-deyə Ali Məclisin sədri bildirib.