Moskvada əcnəbilərin törətdiyi cinayətlərin sayı artır. Bu barədə Moskva prokuroru Yuri Semin məlumat verib.
"Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin törətdiyi cinayətlərin 9,5% artdığı müşahidə edilir. Miqrantlar tərəfindən cinayətkarlıq sərtləşir", - deyə Y.Seçin bazar ertəsi 2009-cu ilin I yarısında idarənin fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
O qeyd edib ki, 2009-cu ildə əmək miqrantlarının axını azalıb, "lakin iqtisadi böhranın və istehsalın azalmasının yaratdığı şəraitlə əlaqədar miqrantların məşğulluq səviyyəsi xeyli azalıb".
"İş tapmaq imkanının olmaması miqrantların qanunsuz fəaliyyətə cəlb olunması üçün şərait yaradır, şəhərdə kriminogen vəziyyətin kəskinləşməsinə kömək edir", - deyə prokuror vuğulayıb.
Onun sözlərinə görə, şəhər prokurorluq orqanları tərəfindən Çerkizov bazarında təşkil olunmuş yoxlamalar nəticəsində “təkcə 2009-cu ilin iyununda miqrasiya, əmək, torpaq, əhalinin sanitar-epidemioloji rifahı haqqında qanunvericiliklərin pozulması ilə bağlı yüzlərlə fakt aşkar edilib”.