Azərbaycan ordusu modernləşdirmə və hərbi quruculuq işləri sayəsində regionda ən güclü orduya çevrilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan qarnizonunun arxa cəbhə xidmətinin mərkəzləşdirilmiş anbar sistemində yeni çörək zavodunun və əşya anbarının istrismara verilməsi mərasimində bəyan edib.
"Azərbaycan ordusu hər an həm torpaqlarımızı qorumağa, həm də işğal altında olan ərazilərimizi azad etməyə hazırdır",- deyə V.Talıbov qeyd edib.
O vurğulayıb ki, ordu quruculuğu istiqamətində işlər kompleks şəkildə həyata keçirilir, ordu müasir silahla təchiz edilir, əsgərlər və zabitlər üçün kazarmalar, yaşayış evləri tikilir, onların həyat səviyyəsini və rifahını yaxşılaşdırmaq məqsədilə əmək haqları artırılır və digər tədbirlər həyata keçirilir. "Bütün bunlar Silahlı Qüvvələrimizi modernləşdirməyə, onların gücünü möhkəmləndirməyə və ordunun Azərbaycanın dövlət müstəqilliyinin müdafiəsinin qarantı olmasına imkan verir",- deyə NMR başçısı bildirib.
O, şəxsi heyəti, zabitlərin ailələrini NMR ərazisində hərbi hissənin yaradılması günü münasibətilə təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb. Daha sonra V.Talıbov prezident İlham Əliyevin 25 iyun 2009-cu il tarixli sərəncamı ilə mükafatlandırılmış xidmətdə fərqlənən zabitləri medallarla təltif edib.
Mərkəzləşdirilmiş anbarlar sistemində yeni çörək zavodu müasir avadanlıqla təchiz olunub, burada bütün texnoloji proseslər avtomatlaşdırılıb. Müəssisədə quraşdırılmış beş sobanın hər biri saatda 350 kq çörək bişirə bilir.
Əşya anbarı bütün müasir texniki tələblərə cavab verir, əşyaların uzun müddət saxlanması üçün şərait yaradılıb. Ali Məclisin sədri şəxsi heyətin qışda toxunmuş yun əlcək, corab və sviterlərlə təmin olunması barədə sərəncam verib.