Çərşənbə günü Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclası keçirilib. Bu barədə parlamentin mətbuat xidmətinin məlumatında deyilir. Komitə sədri Eldar İbrahimov yaz və növbədənkənar sessiyalarda komitənin səmərəli və məhsuldar fəaliyyətindən danışıb. Qeyd olunub ki, ötən dövrdə komitədə bir sıra sənədlər hazırlanıb və qəbul edilib, Milli Məclisin digər komitələri tərəfindən daxil olmuş qanun layihələrinə ətraflı rəylər hazırlanıb, vətəndaşların komitə sədri tərəfindən qəbulu həyata keçirilib, onların ərizə və şikayətləri müvafiq qaydada araşdırılıb. Bildirilib ki, bu dövrdə komitə üzvləri müxtəlif xarici ölkələrdə keçirilən tədbirlərdə və beynəlxalq qurumlarda parlamenti layiqincə təmsil ediblər.
Eldar İbrahimov kənd təsərrüfatı sahəsi ilə əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə payız sessiyası müddətində komitədə bir sıra qanun layihələrinin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib.
İclasda komitənin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə edilərək təsdiq olunub.
Sonra komitə üzvləri İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında”, “Atçılıq haqqında” qanunlara təklif olunan əlavə və dəyişiklikləri müzakirə ediblər. Bildirilib ki, hər üç sənədə dəyişikliklər məqsədəmüvafiqdir. İclasda “Tütün və tütün məmulatları haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı sənədə də baxılıb. Deputatlar təklif olunan dəyişiklikləri razılıqla qarşılayıblar.
Müzakirələrdən sonra sənədlərin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınıb.