Prezident İlham Əliyev cümə axşamı Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunu açıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasından məlumat verilib.
Bu yeddi mərtəbəli korpusun təməli 2006-cı ilin iyununda İ.Əliyevin özü tərəfindən qoyulub.
Bina müasir memarlıq üslubunda tikilib. Birinci mərtəbədə qəbul şöbəsi, inzibati otaqlar, mühasibat, dəftərxana, elmi hissə, kitabxana, kafe və mağaza yerləşir. İkinci mərtəbədə ümumi onkologiya şöbəsi, üçüncüdə onkoginekologiya və torakal-onkologiya, dördüncüdə abdominal-onkologiya, beşincidə baş və burun şişləri və onkourologiya, altıncıda reanimasiya, yeddincidə isə cərrahiyyə bloku yerləşdirilib.
Bu tibb müəssisəsi Almaniyadan gətirilmiş müasir avadanlıqlarla təchiz olunub. Korpusla tanışlıqdan sonar dövlət başçısı kollektivi təbrik edib və onlara işlərində uğurlar arzulayıb.