SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının (XDND) gəmiləri Rusiyanın “LUKOYL” şirkətinin sifarişi ilə “Yuri Korçagin” yatağında işləri başa çatdırıblar. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
“XDND-nin gəmiləri “Yuri Korçağin” yatağında ilk hasilat platformasının quraşdırılmasında iştirak ediblər. Bu günlərdə Bakıda inşa edilmiş neft anbarının “Yuri Korçagin” yatağına yedəklənməsi işləri başa çatdırılıb. İşlər “V.Seyidov”, “Nefteqaz-58” və “Om” təchizat-yedək gəmiləri vasitəsi ilə həyata keçiriliib. Bu gəmilər artıq Bakıya qayıdıblar”,-deyə məlumatda bildirilir.
Qeyd olunur ki, “Zohrab Vəliyev” gəmisinin Xəzər dənizinin Türkmənistan sektorundakı “Jdanov bankası” yatağına yola düşməsi nəzərdə tutulub. Gəmi “Dragon Oil” şirkətinin sifarişi ilə “Jdanov bankası” yatağında işləri yerinə yetirəcək.
“İşlərə bu yataqda mühəndis-geoloji işlərin aparılması daxildir. Bu işləri SOCAR-ın Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin 17 mütəxəssisi və 3 nəfər xarici mütəxəssis həyata keçirəcək”,-deyə məlumatda vurğulanır.