BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Lənkəranda hakimlər, prokurorlar, sərhəd xidmətinin əməkdaşları, polis işçiləri üçün “Qaçqınlar və Azərbaycanda sığınacaq problemləri” mövzusunda regional seminar keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Komissarlığın Azərbaycandakı nümayəndəsi Şəmsəddin Əliyev jurnalistlərlə söhbətdə qeyd edib ki, Azərbaycanda qaçqın statusu almış 2 mindən çox adam yaşayır. "Onların hamısı Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsi altındadır. Burada Əfqanıstan, İran, Pakistan, İraq, Konqo, Fələstindən qaçqınlar var", - deyə Ş.Əliyev bildirib.
"Biz – ölkələrin müvafiq strukturlarına sənədlər göndəririk, əgər bu adamlar irqi və ya dini əlamətlərinə görə izlənirlərsə və bizim ölkəmizdə sığınacaq istəyirlərsə, onlar status alırlar, əgər onlar izlənmirlərsə, təbii ki, status almırlar. Status alanlar Azərbaycan Konstitusiyasının bütün hüquqlarından istifadə edə bilərlər və biz mənzil, təhsil, iş və s. məsələlərdə hüquqlarının qorunmasında onlara kömək edirik", - deyə nümayəndə söyləyib.
O deyib ki, dövlət qaçqınlara münasibətdə tolerantlıq nümayiş etdirir. «Bildiyiniz kimi, Azərbaycanda qaçqınlarla bağlı xeyli problem və çətinlik var, lakin buna baxmayaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bütün normaları və beynəlxalq prinsiplər üzrə bu insanlara Azərbaycanda yaşamaq üçün müəyyən şərait yaradırıq», - deyə Ş.Əliyev qeyd edib.
Belə seminarlar Quba, Xaçmaz, Qusar, Balakən, Zaqatala və Şəkidə keçirilib, oktyabrın 7-də isə Lerik və Yardımlıda keçiriləcək. «Bu rayonlarda seminarların keçirilməsinin mahiyyəti onların sərhədyanı zona olması və bu rayonlarda çoxlu sayda qaçqının yaşamasındadır» - deyə o bildirib.