Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu akademiyalararası səviyyədə “Elmin inkişafı və yeni elmi nailiyyətlər” mövzusunda intellektual müsabiqə keçirməyə hazırlaşır.
Geologiya İnstitutunun mətbuat xidmətinin məlumatına görə, müsabiqənin dövlət başçısının imzaladığı “2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafına dair milli strategiyanın həyata keçirilməsi üzrə dövlət proqramı” barədə sərəncam əsasında institutun Gənc Alimlər Şurasının təşəbbüsü ilə keçirilməsi planlaşdırılır.
Əsas məqsəd gənc alimləri elmdə fəal inkişafa cəlb etmək, eləcə də onların elmi fəaliyyətinin gələcəkdə uğurla inkişafına kömək etməkdir.
Müraciətlər oktyabrın 15-dən noyabrın 15-dək qəbul olunacaq; noyabrın 24 və 25-də iştirakçıların uğurla keçirilmiş laboratoriya işləri ilə bağlı çıxışları, eləcə də yeni elmi ideyalar, nailiyyətlər, müasir elmi problemlər dinləniləcək. Çıxışların yekunları üzrə final mərhələsində AMEA-nın müxtəlif sahələrdə çalışan mütəxəssisləri tərəfindən 30 iştirakçı seçiləcək. Bütün finalçılara sertifikatlar və hədiyyələr veriləcək, qaliblər isə daha qiymətli hədiyyələrlə və diplomlarla mükafatlandırılacaqlar.