ABŞ Türkiyənin İsrail HHQ-nin təyyarəsinə onun hava məkanından istifadə etməsinə icazə vermədikdən sonra Yaxın Şərqdə irimiqyaslı “Anatolian iql” hərbi təlimlərində iştirakdan imtina edib. Bu barədə bazar ertəsi Britaniyanın “Times” qəzeti yazır.
Bununla yanaşı, İsrailin “Qaarets” qəzetinin məlumatına görə, daha əvvəl İtaliya və Niderland da bu səbəbdən manevrlərdə iştirakdan imtina ediblər.
İsrail nümayəndələrinin sözlərinə görə, Türkiyə hakimiyyətinin təlimlərlə bağlı mövqeyi İsrail hərbçilərinin Qəzza sektorunda “Əridilmiş qurğuşun” əməliyyatı zamanı hərəkətləri ilə əlaqədar Ankaranın narazılığı ilə izah olunur.
"Türkiyənin iştirakçı ölkələrin siyahısının dəyişdirilməsi və beləliklə də İsrailin çıxarılması ilə bağlı qərarı nəticəsində təlimlər təxirə salınıb. Bu qərar təlimlərin başlamasına bir neçə gün qalmış qəbul olunub", - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bu arada “Qaarets” qəzeti bildirir ki, bazar günü İsrail XİN Türkiyə hakimiyyətinin qərarı ilə əlaqədar təcili müşavirə keçirib.
Qəzetin İsrail XİN-dəki mənbəsinin sözlərinə görə, Təl-Əviv ciddi şəkildə ehtiyatlanır ki, İsrail hərbçilərinin 2008-ci ilin sonu 2009-cu ilin əvvəlində Qəzza sektorunda apardığı əməliyyatlar Türkiyə ilə strateji münasibətləri olduqca korlayıb.
"Ciddi böhran mövcuddur və biz onun öhdəsindən mümkün qədər tez gəlməliyik", - deyə İsrail hakimiyyətinin nümayəndəsi bəyan edib.
Bundan başqa, İsrail məmurları arasında mövcud olan digər nöqteyi-nəzərin tərəfdarları hesab edirlər ki, Türkiyəyə qarşı “cavab tədbirləri” görülməlidir.