“Mərkəzi klinik” MMC (Mərkəzi klinik xəstəxana) klinika personalının və onların ailə üzvlərinin könüllü tibbi sığortası və bədbəxt hadisələrdən sığortası üzrə sığorta şirkətinin seçimi üçün tenderin vaxtını uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
“Tender komissiyasının qərarına əsasən sığorta şirkətlərindən tender üzrə təkliflərin qəbulu noyabrın 9-dək uzadılıb. Tender təkliflərinin açılışı noyabrın 10-da olacaq”,-deyə mənbə bildirib.
Tenderin şərtlərinə görə, sığortaçının xidmətləri 12 ay müddətinə nəzərdə tutulub.
Onun sözlərinə görə, tender təkliflərinin qiymətləndirilməsi zamanı prioritet aşaıdakı meyarlara veriləcək: səmərəlilik, maliyyə və texniki imkanlar, xidmətin keyfiyyəti.
“Mərkəzi klinik” MMC Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsis edilib. MMC dövlət qeydiyyatından 2009-cu ilin yanvarında keçib. “Mərkəzi klinik” MMC Azərbaycan prezidenti yanında xüsusi tibbi xidmətə tabedir. MMC-nin nizamnamə kapitalı 30 mln. 906 min 750,19 manat təşkil edir.